Dünya nüvə energetikası tarixində ən dəhşətli qəza XX əsrdə, 26 aprel
1986-cı ildə baş
vermişdir. Qəzada Çernobıl AES-nin 4-cü blokunun tam sıradan çıxması nəticəsində radioaktiv maddələrin havaya atılması səbəbindən ətraf mühitə ciddi ziyan dəymiş, nəticədə insanların həyatı üçün böyük təhlükə yaranmışdır.
Qəza keçmiş SSRİ, xarici ölkələr və respublikamız üçün də bir çox fəsadlar törətmişdir. Qəzadan Avropa ölkələri və Türkiyə də zərər çəkmişdir. Respublikamızın 7000 nəfərdən çox vətəndaşı ən ağır işlərə cəlb olunmuş, bu dəhşətli faciənin qarşısının alınmasında xüsusi xidmət göstərmişdir. Onlardan 2500 nəfərdən çoxu şüalanmadan, aldıqları xəsarətdən dünyasını dəyişmişdir. Yerdə qalanlar isə ömürlük əlil olmuşdur.
Çernobıl faciəsinin iştirakçılarının doğulan övladları da ağır xəstəliklərə düçar olmuş və bir çoxu vəfat etmişdir.
Respublikamızda Çernobıl əlilləri hər cür qayğı ilə əhatə olunub. Bu
qayğı ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da reallaşmışdır.
Ulu öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» qanun qəbul etmişdir. Ölkə Prezidenti İlham Əliyev Çernobıl əlilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətinə aid fərman və sərəncamlar imzalamışdır.
Rayonumuzdan olan Məzahir Salman oğlu Məmmədov, Qərib Bulud oğlu Şahvələdov, Kamal Cəlal oğlu Səfərov Çernobıl qəzasının aradan qaldırılmasında fəal iştirak ediblər. Rayon rəhbərliyi onların qayğı və problemləri ilə mütəmadi məşğul olur.
Çernobıl faciəsinin 28 illiyi ilə əlaqədar respublika səviyyəsində bir çox tədbirlər həyata keçirilir, qəzanın iştirakçılarına növbə əsasında minik avtomobilləri də verilir.
Anar ƏLİYEV